Üzgüçülük üzrə Azərbaycan millisi beynəlxalq turnirdə 10 medal qazandı.
Corner.az xəbər verir ki, üzgüçülük üzrə Azərbaycan millisi böyük uğura imza atıb. 02-04 iyun tarixlərində Çexiyanın Praqa şəhərində keçirilən Cexiya Open Cup 2023 Beynəlxalq turnirində milli komandamızın yetirmələri 2 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar. Olimpiya Oyunlarina lisensizya xarakterli bu yarışda Azərbaycan idmançıları ilə yanaşı Bolqaristan, Ukrayna, Danimarka, Italiya, Polşa, Yunanistan, Çexiya, Fransa, Almaniya, Filippin, Avstriya, Xorvatiya, Hollandiya, Makedoniyadan güclü üzgüçülər mübarizə aparırdı. Millimiz bu turnirdə məşqçilər Rəşad Əbdürrəhmanov, Rəşad Əliyev və Daniel Dudaş, idmançılardan isə Vəli İstafilov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Əbdürrəhman Rüstəmov, Oqtay Hüseynov, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəhangahla təmsil olunurdu. Su idman növlərinin çox inkişaf etmiş ölkələrinin idmançılarının da qatıldığı bu beynəlxalq yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla millimiz yüksək nəticələr göstəriblər.
Milli komanda dünən axşam saatlarında Vətənə dönüblər. Hava limanında idmançılarımızı Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti, valideynlər qarşılayıb.
Hava limanında jurnalistlərə müsahibəsində üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov yarış haqqında fikirlərini bölüşüb:
“Yarışda su idmanı növləri inkişaf etmiş avropanın 16 ölkəsi tanınmış idmançılarla təmsil olunurdu. Bu beynəlxalq turnir Olimpiya Oyunlarina lisensizya xarakterli bu yarış olduğundan bütün ölkələr ən güclü üzgüçüləri ilə burada çıxış edirdilər. Bildiyiniz kimi milli komandamız artıq tam yerli idmançılardan təşkil olunub. Xeyli müddətdir ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdman Sarayının dəstəyi ilə davamlı məşqlər edirik. Təlim məşq toplanışlarında idmançıların daha da güclü olmaları üçün çalışırıq. Hesab edirəm ki, Cexiya Open Cup 2023 Beynəlxalq turnirində 7 idmançı ilə 10 medal artıq onun göstəricissidr ki, ölkəmizdə bu idman növündə inkişaf var və bundan sonra daha da mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa çalışacağıq” deyə R. Əbdürrəhmanov əlavə edib.
Millki komandanın kapitanı Ramil Vəlizadə də yarışların çox mübarizə şəraitində keçdiyini bildirib. Onun sözlərinə görə komanda yoldaşları ilə birlikdə bütün yarışlarda maksimum nəticə göstərməyi qarşılarına məqsəd qoyublar.
Praqada 2 qızıl və 2 bürünc medal qazanan milli komandanın 13 yaşlı yetirməsi Oqtay Hüseynov bu uğurun davamlı olacağına inanır:
“Bu mənim beynəlxalq yarışlarda ikinci debütümdür. Bundan qabaq Macarıstanda keçirilən beynəlxalq turnirdə də medal qazanmışdım. Daima üzərimdə işləməyi, məşqçilərimin verdikləri tapşırıqları dəqiqliyi ilə yerinə yetirməyə çalışıram. Əsas hədəfim avropa və dünya çempionatında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqla Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Mənə göstərilən etimadı doğrultmağa çalışacam” deyə O. Hüseynov əlavə edib.