"Şuşada növbəti dəfə beynəlxalq yarış təşkil olunduğu üçün sevinirik".
Corner.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi barədə danışarkən deyib.
Nazir daha əvvəl bu şəhərdə velosiped və şahmat turnirlərinin də baş tutduğunu xatırladıb: "Yenidən Şuşadayıq və burada beynəlxalq tədbir keçiririk. Ötən il bir neçə tədbir baş tutdu. Dünən burada velosiped yarışlarını izlədik. Turnir bitən kimi hava şəraiti dəyişdi. Yağış yağdı, külək əsdi və dolu düşdü. Bütün bunlar 10 dəqiqə tez olsaydı, mübarizəni dayandırmaq məcburiyyətində qalacaqdıq. Amma hər şey yaxşı alındı. Bu gün yarışın baş tutması üçün hər cür şərait yaradılıb".