26 oktyabr 2024. Şənbə

Federasiyalar arasında əməkdaşlıq memorandumu


  • Offside
  • 15:16 14.06.2023
  • Oxunma sayı: 121
Federasiyalar arasında əməkdaşlıq memorandumu
Azərbaycan Badminton Federasiyası (ABF) və bu idman növündə dünyada öncüllərdən olan Malayziya Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

90DEQİQE.AZ xəbər verir ki, qurumun prezidenti Taleh Ziyadovla onun həmkarı Mohamad Norza Zakaria arasında imzalanan memoranduma əsasən, tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcək.

Bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışların keçirilməsi, məşqçilərin təkmilləşməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, həmçinin, digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.

Mohamad Norza Zakaria açıqlamasında bunun tarixi və vacib əməkdaşlıq olduğunu bildirib: “Bu, bizim münasibətlərimizin genişlənməsi deməkdir. Bildiyiniz kimi, Azərbaycanın 3 yeniyetmə badmintonçusu Malayziyada bizim badminton akademiyamızda məşq edərək təhsil alır. Ülvi, Əmirxan və Əminə bizim 16 yaşadək komandamızla birlikdə təlim-məşq toplanışı keçirlər. Bu, bizim əhəmiyyətli münasibətlərimizin başlanğıcıdır. Azərbaycanın həm məşqçiləri, həm də idmançıları ilə təcrübəmizi bölüşməklə mental olaraq onların badmintonda səviyyəsinin yüksəlməsinə töhfə verməyə çalışacağıq”.

Qeyd edək ki, bu ilin martından yeniyetmə badmintonçular Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim-məşq toplanışında iştirak edərək peşəkarlıq səviyyəsini artırır və orta təhsillərini həmin akademiyada davam etdirirlər.

Ötən ay Malayziyanın paytaxtı Kuala-Lumpurda Dünya Badminton Federasiyasının (BWF) illik toplantısında iştirak edən Taleh Ziyadov səfər çərçivəsində azərbaycanlı badmintonçularla görüşərək, onların akademiyada şəraiti və hazırlıq səviyyəsi ilə maraqlanıb.







Offside