26 noyabr 2024. Çərşənbə axşamı

Zöhrə Ağamirova: "Hər kəs Universiadada məndən medal gözləyirdi"


  • Offside
  • 22:40 02.08.2023
  • Oxunma sayı: 105
Zöhrə Ağamirova: "Hər kəs Universiadada məndən medal gözləyirdi"

"Universiadanın mükafatçısı kimi bu dəfə də hər kəs məndən medal gözləyirdi".

90deqiqe.az-ın məlumatına görə, bunu Çinin Çendu şəhərindəki XXXI Ümumdünya Yay Universiadasında 3 medal qazanan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Halqa və gürzlərlə hərəkətlərdə gümüş, lentlə hərəkətlərdə isə bürünc mükafata sahib çıxan idmançı psixoloji cəhətdən bir qədər çətinlik çəkdiyini bildirib: "Buna baxmayaraq, həyəcanımı dəf etdim və yaxşı çıxış etməyə çalışdım. Yarışların ilk iki günü çıxışım istədiyim kimi alınmadı. Topla səhvlərə yol versəm də, üç alətlə finala vəsiqə əldə etdim. Final mərhələsində özümü toparladım. Halqa və gürzlərlə daha yaxşı çıxış etdim".

Onun sözlərinə görə, bu il Bakıda keçirilmiş Avropa çempionatında çıxış etdikdən sonra məşqçilər tərəfindən proqramda müəyyən dəyişikliklər edilib: "Çıxış proqramıma daha da çətin elementlər əlavə olunmuşdu".

İlk dəfə Çinə səfər edən bədii gimnast yarışla bağlı təəssüratlarını bölüşüb: "Universiada yüksək səviyyədə təşkil olunmuşdu. Adaptasiya prosesi bir qədər çətin keçdi. Bir neçə gündən sonra özümü toparladım. Sevinirəm ki, uğurlu çıxış edərək medal qazanmağa müvəffəq oldum. Yarışlar zamanı mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".

Ağamirova qarşıda onu gözləyən yarışlardan da söz açıb: "Avqustun 23-dən 27-dək İspaniyada dünya çempionatı keçiriləcək. Hədəfim mundialın finalına yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir".







Offside