Naxçıvan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə ev sahibliyi edəcək.
90deqiqe.az xəbər verir ki, bölgədə gimnastika üzrə təşkil olunacaq ilk beynəlxalq yarış çərçivəsində Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizəyə qoşulacaq.
Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə idmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər. Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatalanı təmsil edən gimnastlar da qoşulacaqlar.
İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.