- Offside
- 12:26 26.11.2024
Azərbaycan Şahmat Federasiyasında (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, iclasda 2024-cü ilin təqvim planı müzakirə edilərək təsdiq olunub. Federasiya prezidenti Mahir Məmmədov şahmatçıların klassik şahmatda təcrübə azlığının milli komandaya təsirindən danışıb. Milli komandanın heyətini müəyyənləşdirərkən yeni qaydalar barədə fikir mübadiləsi aparılıb. Yekunda 1 noyabr 2023-cü il – 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli komanda üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakla bağlı şərt qəbul edilib.
Qadınlar arasında milli komandanın məşqçisi Yevgeni Tomaşevski qarşıdan gələn Avropa çempionatına hazırlıq barədə hesabatla çıxış edib və İcraiyyə Komitəsinin üzvlərini maraqlandıran suallara cavab verib.
Ardınca federasiya prezidenti milli komandalara lazımi şəraitin yaradıldığını bildirib. O, milli komandalarla işləmək üçün bu sahədə təcrübəsi olan psixoloqlara ehtiyac olduğunu söyləyib.
İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva uşaq və qadın sığınacaqlarında şahmat dərslərinin keçilməsi və bölgələrdə istedadlı uşaqların seçilməsi üçün onlayn şahmat məktəbinin yaradılması ilə bağlı təklif irəli sürüb. Federasiyasının onlayn şahmat məktəbinin konsepsiyasının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin növbəti iclasının dekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib.