- Offside
- 12:26 26.11.2024
Noyabrın 5-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
90deqiqe.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutan açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının sürətlə inkişaf etdiyini deyib. Ölkəmizdə atçılıq idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını ifadə edən nazir bu baxımdan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının önəmini xüsusi vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəmizdə atçılıq idmanına və yarışlarına böyük marağın olduğunu bildirib. Bu yarışlarda milli cins atların iştirakını qeyd edən nazir müavini atçılığın inkişafının Kənd Təsərrüfatı Nazirliyi üçün prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.
Festival və dünya çempionatı noyabrın 8-dək davam edəcək. Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq.