- Offside
- 12:26 26.11.2024
Beynəlxalq Cüdo Federasiyası (IJF) Böyük Britaniyanın qadın cüdoçusu Acelya Toprakın Azərbaycan millisində çıxış etməsinə rəsmi icazə verib. 90deqiqe.az xəbər verir ki, 25 yaşlı idmançı yığmada 57 kq çəki dərəcəsində mübarizə aparacaq.
Hazırda dünya reytinqində 27-ci olan idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır. O, 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
Acelya Toprak bildirib ki, dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan millisinə qoşulduğu üçün həyəcanlı və sevinclidir: “Şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq şansımı Azərbaycan millisinin tərkibində davam etdirə biləcəyəm. Həyatım olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Buradakı qonaqpərvərlik çox yaxşıdır. Azərbaycanın qüruru üçün mübarizə aparacağam”.
Cüdoçu Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış etmək arzusundadır: “Azərbaycanı olimpiadada həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm. Həmçinin Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-nin məqsədinə çatmasına kömək etməkdən məmnunam. Bakıda məni səmimi qarşıladıqları üçün federasiya rəhbərliyinə, məşqçilərə və idmançılara təşəkkür edirəm”.
Qeyd edək ki, Acelya Toprakın transferində əsas məqsəd komandada rəqabəti artırmaq və güclü məşq tərəfdaşı hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına nail olmaqdır.