- Offside
- 19:35 25.12.2024
Latviyanın Dauqavpils şəhərində kombat ciu-citsu üzrə dünya çempionatı keçirilib. Azərbaycanı həmin yarışda Daxili İşlər Nazirliyinin (DİN) idman cəmiyyətinin 7 üzvü təmsil edib.
DİN-in mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, idmançılar "Ground fight“, "Full contact”, “Close contact” və "Self-defence" növlərində qüvvəsini sınayıblar.
Qadınlar arasında Fidan Yusifova “Close contact" növündə qızıl medal qazanıb. O, "Ground fight"da üçüncü, "Self-defence"də isə ikinci yeri tutub.
45 yaşdan yuxarı kişi veteranlar arasında Məğrur Əhmədov "Self-defence" növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, "Full contact"da gümüş, "Close contact" və "Ground fight" növlərində isə bürünc medala sahib çıxıb.
10-11 yaşlılar arasında Əli Bəylərov "Ground fight" növü üzrə üçüncü yerə, 18-36 yaşlılar arasında Şirin Şirinov "Şelf defence" növündə, Amir Abdi isə "Close contact"da üçüncü yerə layiq görülüb.
Beləliklə, Azərbaycan idmançıları mundialı 10 medalla başa vurublar.
Komandanın rəhbəri, DİN-in idman cəmiyyətinin əməkdaşı, Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi Rəsul Məmmədov dünya çempionatına baş hakim qismində dəvət alıb.
Qeyd edək ki R. Məmmədov Beynəlxalq Kombat Ciu-citsu Federasiyasının Hakimlər Komitəsinin sədridir. O, dəfələrlə dünya, Avropa və Asiya çempionatlarının görüşlərini idarə edib.