- Offside
- 12:26 26.11.2024
Azərbaycan Voleybol Federasiyası (AVF) maliyyə çətinliyi ilə üzləşən “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları ilə bağlı bəyanat yayıb.
Federasiyanın mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, AVF hər iki komandaya dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib.
“Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları Azərbaycan çempionatında, Şuşa təmsilçisi isə həm də Çağırış Kubokunda iştirak edir. Mövsümün əvvəlində klublarına yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinib. “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürüb və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə Çağırış Kubokunda öz iştirakını təsdiqləyib.
Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olub, bununla işçi heyəti və oyunçularla görüş keçirilib. Görüş zamanı yaranmış maliyyə çətinliyi ilə əlaqədar müzakirələr aparılıb və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilib.
Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra AVF klubun ölkəni avrokuboklarda təmsil etdiyini nəzərə alaraq, qısa zamanda “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının oyunçularının bir aylıq əməkhaqqını ödəyib.
Qeyd etmək istəyirik ki, Azərbaycan Voleybol Federasiyası yaranmış vəziyyətlə əlaqədar “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarına dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib”, - bəyanatda bildirilib.