- Offside
- 12:26 26.11.2024
Bu gün kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci ölkə çempionatı və Bakı birinciliyi start götürüb.
90deqiqe.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda “Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Balakəni təmsil edən 60 idmançı mübarizə aparır.
Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdiriblər.
Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə çıxış ediblər.
Sonda isə mükafatlandırma mərasimi keçirilib. 2016-cı il təvəllüdlü kişi gimnastlar arasında Coşqun İgidəli (“Sumqayıt”) qızıl, Rafel Musayev (“Ocaq”) gümüş, Yusif Əliyev (“Zirə”) isə bürünc medalın sahibi olublar.
2012-2013-cü il təvəllüdlü qadın gimnastlar arasında Jasmin Əliyeva birinci, Milana Loyko ikinci, Aylin Şahbazlı (hamısı “Ocaq” klubu) isə üçüncü yeri tutub.
Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də kişilər və qadınlar arasında ayrı-ayrı alətlər (kişilər - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik; qadınlar - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşiblər.