- Offside
- 12:26 26.11.2024
Dünyada ən böyük kriptovalyuta birjası – “Binance”ni təbliğ etdiyinə görə superulduz Kriştiano Ronaldoya qarşı ABŞ-da kollektiv iddia qaldırıla bilər. İddiaçılar bildirirlər ki, onun dəstəyi onlar üçün zərərli sərmayələrə səbəb olub.
90deqiqe.az xəbər verir ki, bu barədə “Cointelegraph” məlumat yayıb.
Kriştiano Ronaldo “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə əlaqədar ABŞ-da bir qrup şəxs iddia qaldırıb. Ən böyük kriptovalyuta birjalarından biri 2022-ci ilin ortalarında Ronaldo ilə çoxillik müqavilə bağlayıb və əməkdaşlığın bir hissəsi olaraq onun bir sıra NFT tokenləri yaradılıb.
İddiaçılar Ronaldonun köməyi ilə platformanın qeydiyyatsız qiymətli kağızlara investisiya cəlb etdiyini və bununla da 1 milyard dollardan artıq məbləğdə dəymiş ziyan və məhkəmə xərcləriylə bağlı təzminat ödənilməsini tələb edirlər.
CR7 Ronaldonun adının və soyadının baş hərflərinə və formasının nömrəsinə aiddir və onun dünyanın ən zəngin idmançılarından biri olmasına kömək edən ayaqqabılardan ətirlərə qədər bir sıra məhsullarda brend kimi istifadə olunur.
Tərəfdaşlığı elan edən sosial şəbəkələrdəki videosunda Ronaldo potensial investorlara deyib: "Biz NFT oyununu dəyişdirmək və futbolu yeni səviyyəyə çıxarmaq qərarına gəlmişik”.
Kolleksiyadan ən ucuz NFT 2022-ci ilin noyabrında satışa çıxarıldıqda 77 dollar dəyərində idi, lakin bir ildən sonra təxminən 1 dollar dəyərində olub.
İddiaçılar iddia edirlər ki, Ronaldonun “Binance”ni təşviq etməsi Kayman adalarında qeydə alınan kriptovalyuta birjası ilə bağlı “axtarışların 500 faiz artmasına” səbəb olub.
Onlar, həmçinin deyirlər ki, bu, insanları “Binance”nin BNB kriptovalyutası kimi “qeydiyyatdan keçməmiş qiymətli kağızlara” investisiya etmək üçün firmadan istifadə etməyə təşviq edib.
ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) görə, bu aktivlər qiymətli kağızlar hesab oluna bilər və buna görə də onları təsdiqləyən məşhurlar ABŞ qanunlarına əməl etməlidirlər. Komissiya sədri Qeri Qensler qeyd edib ki, məşhurlar investisiya imkanlarını, o cümlədən kripto-aktiv ilə bağlı qiymətli kağızları təsdiqlədikdə, investorlar investisiyaların onlar üçün uyğun olub-olmadığını diqqətlə nəzərdən keçirməli və məşhurların niyə belə dəstək verdiyini bilməlidirlər.
Kollektiv iddia ABŞ Ədliyyə Nazirliyinin firmadan 4,3 milyard dollar cərimə və dəbbələmə ödəmək tələbindən bir həftə sonra verilib. O, “Binance”ni istifadəçilərə dünya üzrə sanksiyalardan yayınmağa kömək etməkdə, habelə cinayətkarların və terrorçuların pul köçürməsini asanlaşdırmaqda ittiham edib. Onun icraçı direktoru Çanpen Çjao çirkli pulların yuyulması ilə bağlı pozuntuları etiraf edərək, firmanı tərk edib.
Böyük Beysbol Liqası, Formula 1 və “Mercedes-Benz” də uğursuz FTX kriptovalyuta birjasının təşviqi ilə bağlı eyni gündə qaldırılan kollektiv iddialarla qarşılaşıb.