25 oktyabr 2024. Cümə

111 il sonra aşağı liqaya yuvarlanan “Santos” – ARAŞDIRMA


  • Offside
  • 15:50 07.12.2023
  • Oxunma sayı: 94
111 il sonra aşağı liqaya yuvarlanan “Santos” – ARAŞDIRMA

Braziliya A seriyasında 2023 mövsümü “Palmeyras”ın qələbəsi ilə bitən gərgin çempionluq yarışı ilə yanaşı, yüksək liqada qalmaq uğrunda amansız mübarizə ilə yadda qaldı. Yekunda son 4 yeri tutan “Amerika Mineyro”, “Koritiba”, “Qoyas” və “Santos” B seriyasına yuvarlandı.

90deqiqe.az xəbər verir ki, yarandığı vaxtdan ötən əsrin 50-ci illərinə kimi “Santos” Braziliyada böyük uğurları olmayan, sıravi klublardan hesab olunurdu. Komanda yalnız bir dəfə, 1935-ci ildə San-Paulu ştat çempionatını qazanmaqla diqqət çəkmişdi. Klub tarixində ən vacib səhifə isə məhz əsrin ortalarında açıldı. Bu 180 dərəcəlik dəyişiklik əlbəttə ki, dünya futbolunun ikonalarından biri – Pelenin adı ilə bağlıdır. Bu dövr “balığlar”ın “qızıl dövrü” və ya “Os Santostikos” adlanır. Pele ilə yanaşı, heyətində Karlos Alberto Torres, Jilmar, Dorval Rodriqes, Pepe kimi futbolçular olan “Santos” dünyanın ən güclü klublarından hesab olunurdu. 2000-ci illərdə meydanda qazanılan nəticələrə baxmayaraq, klub böyük maliyyə problemləri yaşayırdı. Bahalı futbolçular transferlər etmək mümkün olmadığından daha çox gənclərə güvənilirdi. Əsas çətinlik də oyunçuların maaşlarını ödəməkdə idi. Dövrümüzə kimi davam edən bu sıxıntılar sonda klubu FİFA-nın sanksiyaları ilə üz-üzə qoydu. Getdikcə zəifləyən “Santos”u ancaq qazanılacaq böyük bir nəticə xilas edə bilərdi. Hətta belə bir şans 2021-ci il Libertadores kubokunda ələ düşmüşdü. Ancaq “zolaqlılar” finalda əzəli rəqibləri “Palmeyras”a uduzdular. Beləliklə, bütün bu hadisələrin məntiqi nəticəsi kimi cari mövsümü qeyri-stabil keçirən “Santos” yerli baş məşqçi Marselo Fernandesin rəhbərliyi altında 17-ci yeri tutaraq B seriyasına yollandı. Maliyyə problemləri aradan qaldırılmadığından klubun gələcəyi haqqında nəsə demək çətindir. Hətta azarkeşlər də sevimli komandalarının yüksək liqaya qayıdacağına şübhə ilə yanaşırlar.







Offside