- Offside
- 22:42 25.11.2024
Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib.
90deqiqe.az-ın məlumatına görə, Binə Elit Atçılıq Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Ardınca xüsusi orkestrin müşayiəti ilə ifa olunan mahnılardan ibarət konsert proqramı təşkil olunub.
Sonra rəqs ansamblının milli musiqi sədaları altında çıxışları və Dövlət Sərhəd Xidmətinin "Süvarilər" qrupunun Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən ibarət "Odlar Yurdu" adlı şou izləyicilər tərəfindən maraqla qarşılanıb.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ARAF-a il ərzində keçirdiyi yarışlara görə minnətdarlığını bildirib. İdmançıların beynəlxalq arenalarda qazandığı uğurlardan bəhs edən nazir ölkədə atçılığın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı Cəmil Abdullayev isə Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə çövkən üzrə yarışların tez-tez təşkil olunduğunu vurğulayıb. O, Prezident Kubokunun keçirilməsində əsas məqsədin Azərbaycanda atçılığın inkişafına təkan yaratmaq və gənclər arasında bu idman növünü təbliğ etmək olduğunu qeyd edib.
Ardınca A qrupunda yer alan "Sərhədçi-Qarabağ" və "Polad" komandalarının oyunu start götürüb.Turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan 6 komanda iştirak edir.
Qeyd edək ki, Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.