- Offside
- 22:42 25.11.2024
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirinə yekun vurulub.
90deqiqe.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan turnirdə üçüncü yer uğrunda görüş və final oyunu keçirilib.
Gərgin idman mübarizəsi şəraitində keçən günün ilk matçında “Sərhədçi-Dilbaz” komandası “Omar”ı 2:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. Final görüşündə isə “Sərhədçi-Qarabağ”ı 4:1 hesabı ilə üstələyən “Polad” komandası Prezident Kuboku turnirinin qalibi adını qazanıb.
Sonda turnir iştirakçılarının və hakimlər briqadası üzvlərinin təltif edilməsi mərasimi olub. İlk üç yeri tutan komandalar müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, turnirin qalibi olan “Polad” komandası isə kubok ilə təltif edilib.
Mükafatçılara medalları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim ediblər.
Çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirində “Sərhədçi-Qarabağ”, “Polad”, “Köhlən”, “Şirvan”, “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər” və “Embawood” olmaqla 8 komanda iştirak edib.