- Offside
- 00:36 07.02.2026
Malayziyanın paytaxtı Kuala-Lumpurda Asiya Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.az xəbər verir ki, nəticələrə əsasən, portuqaliyalı hücumçu Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” kollektivi 1/8 finalda bu ölkənin digər klubu “Əl-Feyha”ya rəqib olub. Braziliyalı ulduz futbolçu Neymarın formasını geyindiyi "Əl-Hilal" isə İranın "Sepahan" klubu ilə qarşılaşacaq.
Püşkatmanın digər nəticələrinə görə, Qərb zonasında Özbəkistanın “Nasaf” və “Navbahor” klubları müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən “Əl-Əyn” və Səudiyyə Ərəbistanından “Əl-İttihad”la münasibətlərə aydınlıq gətirəcək.
ASİYA ÇEMPİONLAR LİQASI: 1/8 FİNAL
Qərb zonası
“Nasaf" (Özbəkistan) - "Əl-Əyn" (BƏƏ)
“Əl-Feyha” (Səudiyyə Ərəbistanı) – “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı)
“Sefahan” (İran) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
"Navbahor" (Özbəkistan) - "Əl-İttihad" (Səudiyyə Ərəbistanı)
Şərq zonasının pley-off cütləri də maraqlı alınıb. 1/8 finalda Cənubi Koreyanın “Çonbuk Hyonde Motors” və “Pohan Stilers” kollektivləri üz-üzə gələcəklər. Bu ölkənin digər təmsilçisi “Ulsan Hyundai” komandası isə Yaponiyadan “Vanfore Kofu” ilə oynayacaq. Gündoğan ölkənin digər iki klubu – “Kavasaki Frontale” və “Yokohoma F.Marinos” ardıcıl olaraq Çindən “Şandunq Tayşan” və Taylanddan “Banqkok Yunayted”lə qarşılaşacaq.
Şərq zonası
“Çonbuk Hyonde Motors” (Cənubi Koreya) – “Pohan Stilers” (Cənubi Koreya)
"Ulsan Hyundai" (Cənubi Koreya) - "Vanfore Kofu" (Yaponiya)
“Şandunq Tayşan (Çin) – “Kavasaki Frontale” (Yaponiya);
“Banqkok Yunayted” (Tayland) – “Yokohama F.Marinos” (Yaponiya).
Qeyd edək ki, Qərb Zonasında ilk oyunlar 12 -13 fevralda cavab görüşləri isə 19 -20 fevralda keçiriləcək. Şərq konfransında isə ilk matçlar 13 və 14 fevral, revanş qarşılaşmaları 20 -21 fevralda təşkil olunacaq.