25 noyabr 2024. Bazar ertəsi

78 yaşında vəfat edən əfsanə - ARAŞDIRMA

Adını futbol tarixinə qızıl hərflərlə yazdıran Bekkenbauerin karyerası haqqında


  • Offside
  • 10:34 09.01.2024
  • Oxunma sayı: 81
78 yaşında vəfat edən əfsanə - ARAŞDIRMA

1945-ci ildə Münhendə doğulan Frants Bekenbauer futbolda ilk addımlarını yerli “Münhen 1860” klubunda atıb. Daha sonra “Bayern Münhen”ə keçən müdafiəçi 1964-cü ildən etibarən bu klubun əsas heyətində oynamağa başlayıb. Peşəkar karyerasının ilk illərində Frants bacarığı ilə futbol ictimaiyyətinin diqqətini çəkməyi bacarıb. Libero-müdafiəçi kimi özünün ilk və əsas nümayəndəsi sayıldığı yeni ampulada çıxış edən Bekkenbauer 13 il ərzində Bavariya təmsilçisinin ən vacib futbolçularından olub. O, “Bayern” formasında 4-ü Bundesliqa, 3-ü isə Çempionlar Liqası çempionluğu olmaqla 13 titul qazanıb. Bu klubun heyətində bütün turnirlərdə çıxdığı 584 matçda 75 qol vurub. Bekkenbauerin oynadığı vaxtlar həmçinin Almaniya millisinin qızıl dövrü hesab edilir. Onunla yanaşı heyətində Herd Müller, Uli Hönes, Berti Foqts, Yupp Haynkes və Zepp Mayer kimi futbolçular olan “Bundestim” 1972-ci ildə Avropa, 1974-də isə dünya çempionu adını qazanıb.

Frants Bekkenbaauerin parlaq karyerasında Azərbaycan futboluyla toqquşduğu  məqamlarda az olmayıb. 1966-cı ilin dünya çempionatının yarımfinalında 20 yaşlı Bekkenbauer  Almaniya -SSRİ  qarşılaşmasında Azərbaycan futbolunun əfsanəsi,”Neftçi”nin forvardı, həmyaşıdı Anatoli Banuşevskiyə qarşı oynayıb.  Almanların 2-1 hesabıyla qələbə qazandığı oyunda Lev Yaşinin qapısına yol topanlardan biri də məhz Bekkenbauer olub. Həmin mundialın finalında isə Kayzerin yolu digər futbolumuzun daha bir görkəmli siması  Tofiq Bəhrəmovla toqquşub. Məşhur final görüşündə Tofiq Bəhrəmovun qətiyyətli işarəsiylə qolu  qeydə alması almanları məyus etsə də, Bekkenbauer uzun illər  Azərbaycan hakimlə xoş dostluq əlaqələri yaşayıb. Almaniya millisinin kapitanının Anatoli Banişevskiylə 2-ci qarşılaşması isə 1972-ci ilin Avropa çempionatının baş verib. O zamanda qələbə almanların üzünə gülüb.

Bekkenbauer milli komandada keçirdiyi 103 oyunda 13 qola imza atıb. “Kayzer Frans”ın göstərdiyi oyun şəxsi mükafatlarda da öz əksini tapıb. 2 dəfə “Qızıl top”a layiq görülən almaniyalı müdafiəçi 4 dəfə də ölkəsinin ən yaxşısı seçilib. Futbolçu karyerasının sonlarını “Nyu-York Kosmos” və “Hamburq”da keçirən Bekkenbauer baş məşqçi kimi də uğurlu olub. Onun rəhbərlik etdiyi Almaniya millisi 1986-cı ilin Dünya Çempionatında ikinci olsa da, 1990-cı ildəki mundialı qələbə ilə başa vurub. Beləliklə, Bekkenbauer tarixdə Mario Zaqallodan sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu ola bilən ikinci mütəxəssis kimi adını tarixə yazdırıb. Bununla yanaşı, onun aktivində “Marsel”lə qazandığı Fransa çempionluğu və “Bayern Münhen”lə əldə etdiyi UEFA kuboku da var.







Offside