25 noyabr 2024. Bazar ertəsi

AMADA rəsmiləri WADA-nın konfransında iştirak edirlər


  • Offside
  • 18:55 28.02.2024
  • Oxunma sayı: 68
AMADA rəsmiləri WADA-nın konfransında iştirak edirlər

Fransanın Kann şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransının (GEC) açılış mərasimi olub.

AMADA-dan 90deqiqe.az-a verilən məlumata görə, fevralın 29-dək davam edəcək və Fransa Milli Antidopinq Agentliyinin (AFLD) ev sahibliyi etdiyi konfransa dünyanın 140 ölkəsindən 400-dən artıq iştirakçı qatılıb.

Mötəbər tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka və AFLD-nin rəhbəri Beatris Burjua bildiriblər ki, təhsil antidopinqin ayrılmaz hissəsi və təmiz idmanın qorunmasında mərkəzi mənbədir: “Dopinq riskini azaltmaq üçün təhsil mütləqdir. Məlumatlılığın olmaması antidopinq qaydalarının qəsdən pozulmasına və bəzən idmançıların karyerası üçün ciddi nəticələrə gətirib çıxara bilər”.

On bir sessiyadan ibarət konfransın ikinci günündə idmançıların maarifləndirmə prosesinə cəlb edilməsinin əhəmiyyəti, təhsilin planlaşdırılması və tərtibatların əsasları, təmiz idman davranışlarının inkişafı üçün təhsil, qeyri-ixtiyari dopinq və dəyərlərə əsaslanan təhsil mövzusunda müzakirələr aparılacaq.

GEC-də, həmçinin Qlobal Təmiz İdman Təhsili Gündəliyi və Beynəlxalq Təhsil Standartının təkmilləşdirilməsi də müzakirə mövzuları sırasında yer alacaq.

Xatırladaq ki, dördüncü dəfə təşkil olunan GEC-yə daha əvvəl Kanada (2015-ci il), Çin (2018-ci il) və Avstraliya (2022-ci il) ev sahibliyi edib.







Offside