- Offside
- 13:25 24.11.2024
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Ümumi Yığıncağı keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbirdə AAF-nin prezidenti Kamran Nəbizadə, vitse-prezidentlər Mirsəməd Mövsümzadə və Firdovsi Umudov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın üzvləri, mütəxəssislər və digər qonaqlar iştirak ediblər.
Kamran Nəbizadə ağırlıqqaldırma idman növünə verilən dəstək nəticəsində mütəmadi qələbələr əldə edildiyini qeyd edib və Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Dadaş Dadaşbəylinin nailiyyətini vurğulayıb. Nəbizadə federasiya tərəfindən nəticələrin daha da yaxşılaşdırılması üçün kütləviliyin artırılması və bunun xüsusilə regionlarda edilməsi, həmçinin ağırlıqqaldırmanın inkişafı istiqamətində bütün digər çalışmaların edildiyini, yeni klubların yaradılması, mövcud klublara dəstək verilməsi yolu ilə inkişaf xəttinin seçildiyini və bu yolda inamla irəlilədiklərini qeyd edib. O, Avropa və Beynəlxalq Ağırlıqqaldırma Federasiyaları ilə də əlaqələrin möhkəmləndirildiyini, xüsusilə antidopinq siyasəti məsələlərində həmrəy addımların atıldığını, bunun qeyd olunan qurumlar tərəfindən təqdir olunduğunu bildirib.
Sonra gündəlikdəki məsələlərə keçilib və bir sıra qərarlar qəbul olunub. AAF-nin İdarə Heyətinin üzvləri Nihatbəy Məmmədli və Anar Hüseynovun işlərinin çoxluğu səbəbindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müraciətlərinə baxılıb. Ümumi Yığıncaq bu müraciəti qəbul edib. Onların yerinə İdarə Heyətinin üzvü vəzifəsinə Maksim Cavadov və Fəxri Mehdiyev seçiliblər.
Daha sonra Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirilib. Gündüz Məmmədov quruma sədr, Bilal Məhərrəmov və Telman Şükürlü isə üzv seçiliblər.
Sonda federasiya üzvlərinin, ağırlıqqaldırma mütəxəssislərinin rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb.