- Offside
- 13:25 24.11.2024
"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub.
Bu oyun "Xırdalan" klubunun 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Xırdalan"dan Teyvion Körk (20 xal, 5 ribaund), "Sumqayıt"dan Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.
Günün ikinci oyununda qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" klubları üz-üzə gəliblər. Bu görüşdə "Neftçi" 80:67 hesablı qələbə qazanaraq A qrupundan lider kimi yarımfinala yüksəlib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Kamran Məmmədov (26 xal, 4 ribaund), "Xəzri"dən Oubri Makalpayn (26 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndoqö" oyunundan sonra aydınlıq gələcək.