27 iyul 2024. Şənbə

Aleksandr Tarakanov: "Vaxtımız az qalıb, təxmini bir həftə!".

"Uşaqlar gənc olmasına baxmayaraq, qarşılarına hədəf qoyublar və buna doğru inamla addımlayırlar"


  • Offside
  • 17:07 29.03.2024
  • Oxunma sayı: 144
Aleksandr Tarakanov: "Vaxtımız az qalıb, təxmini bir həftə!".

5-7 aprel tarixlərində Bakıda keçiriləcək güləş üzrə avropa olimpiya təsnifat turnirinə hazırlıqlar davam edir. Paris 2024 Yay Olimpiya oyunlarına vəsiqə uğrunda 14 güləşçimiz mübarizə aparacaq. Onların sırasında Olimpiadanın gümüş və bürünc mükafatçısı Hacı Əliyev, ikiqat gümüş və ikiqat bürünc mükafatçı Mariya Stadnik də var. Yunan-Roma güləşçilərimiz 4 çəkidə təmsil olunacaq. Artıq Paris-2024-ə vəsiqə qazanan Həsrət Cəfərov və Sənan Süleymanova qoşulmaq üçün 60 kq-da Nihat Məmmədli, 87 kq-da İslam Abbasov, 97-də Murad Əhmədiyev və 130 kq-da Beka Kandelaki xalçaya çıxacaq. Komandanın baş məşqçisi Aleksandr Tarakanov bu yarışdan çox lisenziya gözlədiyini vurğuladı.

"Toplanışımız yaxşı keçir, zədəlimiz yoxdur, uşaqlar əla məşq edirlər. Buna qədər səfərdə də hazırlığımız olub, evdə isə ilk lisenziya turnirindən əvvəl təlim-məşq toplanışı keçmişik. Bundan sonra İstanbulda ikinci lisenziya turniri olacaq. Əsas odur ki, uşaqlar hazırdırlar, cox istəyirlər ki, ilk dəfədən lisenziya əldə etsinlər. Vaxtımız az qalıb, təxmini bir həftə. Düşünürəm ki, hər şey yaxşı olacaq. Mən qabağcadan heç vaxt demirəm hansı medalları əldə edə bilərik, hal hazırda yalnız lisenziya haqda düşünürük. İkisini qazanmışıq, amma hələ dördü qalıb. Uşaqlar gənc olmasına baxmayaraq, qarşılarına hədəf qoyublar və buna doğru inamla addımlayırlar. Məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirirlər, həmçinin daha artığına nail olmağa çalışırlar, buna görə də düşünürəm ki, hər şey yaxşı olacaq".

Aprelin 5-7-də keçiriləcək yarışda 301 güləşçi 36 lisenziya üçün mübarizə aparacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışda ölkəmizi 14 idmançı təmsil edəcək. Aprelin 5-i yunan-Roma, 6-sı qadın və yarışın son günü isə sərbəst güləşçilərimiz döşək üzərinə çıxacaqlar.







Offside