27 iyul 2024. Şənbə

İdmançılarımızın Olimpiyada zəfərləri


  • Offside
  • 14:07 18.04.2024
  • Oxunma sayı: 115
İdmançılarımızın Olimpiyada zəfərləri

Paris-2024 yay olimpiya oyunlarına 3 aya yaxın müddət qalıb. Hazırda ölkə olaraq aktivimizdə 17 lisenziya var və yarış  başlayana qədər bu sayın artaçağı isə şübhə doğurmur.

90deqiqe.az xəbər verir ki, 4 illiyin ən mötəbər turnirində Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən etibarən təmsil olunmağa başlayıb. Bayrağımızın ilk qalxdığı yarış isə 1992-ci ildə olub. SSRİ 1991-ci ildə dağıldığından buradan çıxan idmançıları Barselona Olimpiadasında birləşmiş komanda adı altında turnirdə mübarizə apardı. Burada öıkəmizin 5 idmançısı çıxış etdi. Cüdoçu Nazim Hüseynov bütün rəqibləri üzərində qələbə qazandı və Barselona Olimpiadasının qalibi oldu. Ölkəmizin bayrağı ilk dəfə Barselonada dalğalandı və himnimiz də orada səsləndirildi. İdman gimnastikasında Valeri Belenki komanda yarışında qızıl medal əldə etdi.

Müstəqil olaraq qatıldığımız ilk olimpiada isə Atlanta-1996 oldu. Burada 9 növdə 23 idmançı ilə təmsil olunduq. Nazim Hüseynov erkən məğlub olsa da, sərbəst güləşçi Namiq Abdullayev finala qədər rahat irəlilədi. Yalnız burada uduzan Namiq Abdullayev gümüş medal əldə etdi.

2000-ci Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandasında 8 idman növündə 31 idmançı iştirak edirdi. Stend atıcılığında yarışan Zemfira Meftahətdinova həm ilk qızıl medalımızı əldə etdi, həm də bu növdə dünyada çempion olan ilk idmançı oldu. Namiq Abdullayev isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Boksçumuz Vüqar Ələkbərov isə yarışı bürünc medalla başa vurdu. Turnirdə 2 qızıl və 1 bürünc mükafata sahib olan Azərbaycan medalların əyarına görə 34-cü pillədə, medalların sayına görə isə 50-ci pillədə qərarlaşdı.

4 il sonra Olimpiadanın vətəni Afinadakı növbəti yarışda 10 növdə 37 idmançı yollandı. Təmsilçilərimiz turniri 5 medalla başa vurdu. Komandanın heyətində yunan-roma güləşçisi Fərid Mansurov final görüşündə qələbə qazanaraq Afina Olimpiadasının qalibi oldu. Digər idmançılarımız isə bürünc medalla əldə etdilər.

Bu nəticələrlə Azərbaycan medalların əyarına görə 50-ci pilləni tutdu.

Pekin-2008 Yay Olimpiya Oyunlarında isə 44 idmançı ilə təmsil olunan ölkəmiz 6 medal əldə etdi. Təmsilçilərimizdən cüdoçu Elnur Məmmədli çempion oldu. Bütün döyüşlərini ipponla qalib bitirən Elnur finalda 11 saniyəyə rəqibini məğlub etdi. Yunan-roma güləşçimiz Rövşən Bayramov yalnız həlledici görüşdə uduzaraq, gümüş medal əldə etdi. Daha dörd idmançı isə bürünclə kifayətləndi. Turnirdə 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 40-cı, sayına görə isə 35-ci oldu.

2012 London Olimpiya oyunları uğurlu alındı. Turnirdə iştirak edən 53 idmançıdan 2-si olimpiya çempionu adına sahib çıxdı. Sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov bütün rəqiblərinə qalib gələrək ölkəmizə qızıl medal qazandırdı. Yunan-roma güləşçisi Rövşən Bayramov və qadın güləşçi Mariya Stadnik olimpiadanı gümüş medalla başa vurdu. Daha beş nəfər bürünc əldə etdi. Azərbaycan 2 qızıl, 2 gümüş, və 5 bürünclə 30-cu pilləni tutdu.

4 il sonra Rioda keçirilən turnir isə ən çox medal qazandığımız yarış kimi yadda qaldı. Turniri 18 medalla tamamlasaq da, yalnız 1 çempionluq əldə edə bildik. Taekvondoçu Radik İsayev bütün rəqiblərinə qalib gələrək ən güclü oldu. Cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Mariya Stadnik,Toğrul ƏsgərovXetaq Qazyumov, boksçu Lorenso Sotomayor və kanoeçi Valentin Demyanenko gümüş medal əldə etdilər. Daha 10 təmsilçimiz isə bürünc əldə etdilər. 1 qızıl, 7 gümüş və 10 bürünclə komandamız 39-cu pilləni tutdu.

Və nəhayət 2020 Tokio olimpiyadası. Bu yarış ölkəmizin 21-ci əsrdə qızıl  medal qazana bilmədiyi ilk yarış kimi diqqət çəkdi. 44 idmançı ilə təmsil olunduğumuz turnirdə 3 gümüş və 4 bürünc medal əldə edə bildik. Komandanın heyətində karateçilər Rafael Ağayev və İrina Zaretska və güləşçi Hacı Əliyev gümüş mükafata sahib çıxdılar. Daha 4 nəfərin isə mükafatının əyarı bürünc oldu. Azərbaycan bu nəticələrə 67-ci oldu.

Paris olimpiadası isə yeni çempionluqlar üçün yeni şanslardır. Ümid edirik ki, idmançılarımız yeni yaranan fürsətlərdən maksimum istifadə edəcək və ölkəmizə yeni zəfərlərlə geri dönəcək.







Offside