- Offside
- 13:25 24.11.2024
Bakıda 11-ci dəfə təşkil edilən bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edilib.
Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayıb. Nazir iştirakçılara uğurlar arzulayıb: "Dünya Kuboku artıq ənənəvi xarakter daşıyır. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir. Bütün idmançılara uğurlar arzulayıram".
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Yarışa aprelin 21-də yekun vurulacaq.