23 iyun 2024. Bazar günü

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib


  • Offside
  • 15:08 02.05.2024
  • Oxunma sayı: 57
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib.

90deqiqe.Az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 18 yaşa qədər yeniyetmələr iştirak ediblər.

Yarışda 12 cütlük (tori və uke) medallar uğrunda mübarizə aparıb. Cüdoçular yalnız katanın “nage no kata” növündə fəndləri nümayiş etdiriblər.

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak edib.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birinciliyinin təltifetmə mərasimində çıxış edərək, iştirakçılara uğurlar arzulayıb və qalib olanları təbrik edib: “Kata üzrə bu cür yarışların təşkili cüdonun daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə cüdoçularımızın beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə ölkə cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək”.

Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akedemiyasının məzunları olmasını xüsusi qeyd edib: “Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb: “Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasına gətirib çıxaracaq”.

Medalçıların siyahısını təqdim edirik:

Qızıl medal
Sadiq Abdullayev (tori)
Rəcəb Əkbərov (uke)

Gümüş medal
Rəsul Əmirzadə (tori)
Elvin Məmmədov (uke)

Bürünc medal
Ayxan İslamlı (tori)
İsmayıl Rəhimli (uke)

Bürünc medal
Cavanşir Comərdov (tori)
Fazil Hüseynov (uke)

5-ci yer
İsa Allahverdiyev (tori)
Hüseyn Vəliyev (uke)

5-ci yer
Zidan Bəşirov (tori)
Tunar Cəfərov (uke)







Offside