19 may 2024. Bazar günü

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib


  • Offside
  • 15:04 04.05.2024
  • Oxunma sayı: 33
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir.

90deqiqe.Az-ın məlumatına görə, kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə final yarışları keçirilib. Bu növdə Çini təmsil edən Yu Xie qızıl medal qazanıb. Ötən il Bakıda keçirilən mundialda dünya çempionu adına yiyələnən asiyalı atlet həlledici mərhələdə almaniyalı Robin Valteri üstələyib. Çinin digər təmsilçisi Boven Zhanq isə üçüncü yeri tutub.

Eyni növdə qadınların mübarizəsində Fransanı təmsil edən Kamille Yedrjeyevski Çin və Koreyadan olan güclü rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc mükafatla kifayətlənib.

Qızıl medal qazanaraq göz yaşlarını saxlaya bilməyən K.Yedrjeyevski qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb: “Təsnifat mərhələsi kifayət qədər gərgin keçmişdi. Final mərhələsinin bir gün sonraya təsadüf etməsi yaxşı oldu. Belə olan halda, dincəlmək və həlledici mərhələyə köklənmək üçün vaxt qazandım. Fəxri kürsüyə qalxdığıma görə məşqçimə təşəkkür edirəm. Qızıl medal qazandığımı biləndən sonra təsirləndim və göz yaşlarımı saxlaya bilmədim. Həmin an özümlə fəxr etdim və hisslərə qapıldım. Hər gün qızıl medal qazanmırıq deyə, belə anlar bəzən adamı təsirləndirir”.

Fransalı atıcı paytaxtımızın onun üçün düşərli olduğunu deyib, gördüklərindən məmnunluğunu dilə gətirib: “Bu, Bakıda ilk qızıl medalımdır. 2022-ci ildə burada keçirilən Dünya Kubokunda gümüş mükafat qazanmışdım. Bakı Atıcılıq Mərkəzini ümumilikdə yaxşı tanıyıram. Bəlkə də uğur qazanmağımda bu amilin də rolu var. Çünki hər mənada özümü rahat hiss edirəm. Paytaxtınızla bağlı xoş xatirələrim var. Komandamızla birlikdə şəhəri gəzmək imkanımız oldu. Mərkəzdə dolaşdıq, dəniz kənarında gəzdik. Burada olmaqdan zövq aldığımızı deməliyəm”.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.







Offside