24 noyabr 2024. Bazar günü

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib


  • Offside
  • 16:26 04.05.2024
  • Oxunma sayı: 74
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa növlərində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıblar. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu olublar.

2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemləri qələbə qazanıb. 2009-cu il və daha kiçik idmançılar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütlükləri bütün rəqiblərinə qalib gəliblər.

Qarışıq-qoşa yarışda 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion olublar.

Xatırladaq ki, mayın 1-də startı verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən, 2005-2008-ci il təvəllüdlü qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı-1 kollektivi birinci yeri tutmuşdu. 2009-cu il və daha kiçik təvəllüdlü qızların mubarizəsindən Bakı-1, oglanların yarışından isə Şabran komandası qalib ayrılmışdı.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən nazirliyin diplom və medalları, həmçinin federasiyanın mükafatları təqdim olunub.







Offside