24 noyabr 2024. Bazar günü

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb


  • Offside
  • 13:14 07.05.2024
  • Oxunma sayı: 100
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qızıl medal mübarizəsi koreyalı və çinli atletlər arasında gedib. Koreyanı təmsil edən Jun Yanq 50 atışdan 41-ni dəqiq yerinə yetirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq ikinci sırada qərarlaşıb. Almaniyalı Cosefin Eder isə 32 dəqiq atış nəticəsində üçüncü yerlə kifayətlənib.

Yarış başa çatandan sonra Cosefin Eder final barədə fikirlərini dilə gətirib: “Qızıl medal qazanmaq istəyirdim. Yarışlar, işıqlandırma sistemləri, atış mərkəzləri, hətta iştirak etdiyin günlər belə, fərqli olur. Görünür, bugünkü rəqiblərim məndən daha hazırlıqlı idi. Görmə məsafəmdə müəyyən problemlər yarandı ki, bu, daha çox xal qazanmağıma mane oldu. Ümumiyyətlə, 2024-ci ilə yaxşı başlamışam. Rio-de-Janeyroda qızıl medal layiq görülmüşdüm. “Paris-2024” Yay Olimpiya Oyunlarında hədəfim ölkəmiz adına medal qazanmaqdır”.

O, Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Azərbaycana artıq neçənci səfərim olduğunu unutmuşam. Bakı gözəlliyi ilə seçilən şəhərdir. Yerli təamlar xoşumuza gəlir. Ən əsası yarışlar yüksək səviyyədə təşkil olunur. Hər dəfə eyni gözəllikləri görməkdən zövq alırıq”.

Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.







Offside