- Offside
- 17:18 23.11.2024
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilmiş “Hələ heç nə bitməyib - Rüstəm İmanzadə” filminin təqdimatı olub.
90deqiqe.Az xəbər verir ki, ağırlıqqaldırma üzrə yeniyetmələr arasında Avropa çempionu Rüstəm İmanzadəyə həsr olunmuş filmin təqdimat mərasimi Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu, nazirliyin ilk layihəsi deyil. O, bu cür filmlərin daha çox çəkilməli olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, belə ekran işləri idmançıların həyatını daha yaxından öyrənməyə kömək edir.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edib. O, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğının olduğunu vurğulayıb. R.İmanzadənin çox pozitiv və iradəli idmançı olduğunu bildirən K.Nəbizadə onun inkişafı üçün əllərindən gələni edəcəklərini söyləyib.
Sonra filmin nümayişi baş tutub. Filmdə Rüstəm İmanzadənin həyatından, idmana gəlişindən, ilk uğurlarından və Kiprdə gənclər arasında keçirilmiş Avropa çempionatında ciddi zədə alaraq yerimə qabiliyyəti itirməsindən bəhs olunub. Ekran işində idmançının valideynlərinin, dostunun və yaxınlarının fikirlərinə də yer verilib. Valideynləri övladlarının ayağa qalxması üçün möcüzə gözlədiklərini bildiriblər. Filmdə idmançının ağır zədəyə baxmayaraq sevimli peşəsindən uzaqlaşmadığı, nə vaxtsa yenidən ayağa qalxacağına inamı xüsusi vurğulanıb.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezident Çingiz Hüseynzadə qeyd edib ki, idman və idmançılar arasında film hazırlamaq ən vacib amildir: “Çünki bu, gənc nəslin inkişafında böyük rol oynayır. Biz MOK olaraq bu işlərlə çoxdan məşğul oluruq”.
Dünya idmanında bu cür şanssız hadisələrin olduğunu xatırladan Ç.Hüseynzadə R.İmanzadəyə ruhdan düşməməyi tövsiyə edib.
Filmə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirən Rüstəm İmanzadə idmançı inamını itirmədiyini, hər məğlubiyyətdən sonra daha güclü olmağı öyrəndiyini deyib. Təslim olmağı sevmədiyini söyləyən R.İmanzadə sonadək mübarizə aparacağını bildirib. O, sonda fikirlərini “Hələ heç nə bitməyib” şüarı ilə tamamlayıb.
Layihənin rəhbəri Əli-Səttar Quliyev isə Rüstəmlə ötən il tanış olduğunu, onun haqqında bu cür film çəkdiyi üçün qürur duyduğunu vurğulayıb.