Doğma insanlar bizi tərk edəndən sonra nömrələrini telefondan pozmuram. Bilmirəm bəlkə unutmağa qorxduğum üçün nömrəsini hələ də silməmişəm. Ötən il təsadüfən əlim dəydi, nömrəsinə zəng getdi. Qəribə hisslər keçirdim, sonra zəngi dayandırdım. Çünki telefona Vüqarın cavab verməyəcəyini bilmək istəmirdim. İki gün sonra qardaşı Sərxan Vüqara zəng vurduğumu söyləyəndə inana bilmədim. Sən demə Vüqarın nömrəsini indi ailə üzvləri işlədir.

Vüqar çox maraqlı insan idi. Sözün əsl mənasında. Həmişə VÜQARLI görünər, hətta məğlubiyyətdən sonra belə gülümsəməyi bacarardı. Uduzmağı sevmirdi, amma məğlubiyyəti hiss etdirməzdi. Hər zaman komanda yoldaşlarına, eləcə də yeniyetmələrə dəstək olardı. Bu gün onun yeri çox görünür. Həm millidə, həm də həyatda.

24 iyul fəxrimiz Vüqar Həşimovun doğum günüdür. Son illər olduğu kimi yenə dəvət olmayacaq. Amma dəvətsiz belə görüşünə gələcəyik.

Sənan Şəfizadə
Mənbə: Baku.ws