- Offside
- 17:18 23.11.2024
Naxçıvan Muxtar Respublikasının gənclər və idman, ekologiya və təbii sərvətlər nazirlikləri və Naxçıvan Atletika Federasiyasının təşkilatçılığı, "RTN Groups" və "Badamlı Mineral Sular" MMC-nin sponsorluğu ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş 5500 metr məsafəyə kros qaçışı keçirilib.
Naxçıvan Muxtar Respublikası (NMR) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan kütləvi idman tədbirində müxtəlif yaş kateqoriyalarına mənsub 700-dən çox insan iştirak edib.
Yarışın açılış mərasimində müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda xidmətləri olan görkəmli şəxsiyyətlərin, bu yolda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Yarışın məqsədi və əhəmiyyəti, eləcə də hərəkət marşrutu haqqında məlumat verildikdən sonra mübarizəyə start verilib. İştirakçılar Naxçıvan Mərkəzi Xəstəxanasının önündəki start xəttindən başlayaraq Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələri ilə hərəkət edərək finişə – Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkınadək olan məsafəni qət ediblər.
“Atletlər” kateqoriyasında Əmrah Nağıyev və Nilufər Quliyeva, “həvəskarlar” kateqoriyasında isə Mahir İbrahimovla, Nurgül Seyidli birinci olublar. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həvəsləndirici yer sahibləri və nominasiya qalibləri fəxri fərmanla təltif ediliblər.
Mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Xanlar Mustafayev, şəhid anaları və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov təqdim ediblər.
Qeyd edək ki, kross qaçışının təşkilində məqsəd insanların sağlam həyat tərzinə yönəldilməsinə, ekosistemin qorunmasına və idmanın əhali arasında təbliğinə töhfə verməkdir.