19 iyul 2024. Cümə

Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib


  • Offside
  • 19:55 07.06.2024
  • Oxunma sayı: 53
Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı, “PUSH 30” şirkətinin dəstəyi ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

90deqiqe.Az xəbər verir ki, yarışda Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dənizkənari Bulvar İdarəsi, SOCAR, Dəniz Ticarət Limanı, Dövlət Statistika Komitəsi, Xəzər Dəniz Gəmiçiliyi QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərişıq” ASC-dən olan 23 kişi və 6 qadın əməkdaş iştirak edib.

Kişilərin fərdi yarışında SOCAR əməkdaşı Ehtibar Əsədov finiş xəttinə birinci çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Əli Dadaşov 2-ci, SOCAR-ın digər işçisi Elşad Kərimov isə 3-cü olub.

Qadınlar arasında Gənclər və İdman Nazirliyinin təmsilçisi İlahə Çələbiyeva 1-ci olub. Xəzər Dəniz Gəmiçiliyi QSC-nin əməkdaşları Janna Məmmədova və Tatyana Srebnaya müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarışıq komanda yarışında SOCAR-ı təmsil edən Ehtibar Əsədov-İlahə Hacıyeva cütlüyü ən yaxşı nəticə ilə 1-ci olub. Xəzər Dəniz Gəmiçiliyi QSC-nin əməkdaşları Mikayıl Protasov-Janna Məmmədova dueti 2-ci, Gənclər və İdman Nazirliyinin təmsilçiləri Hüseyn Quliyev-Rəna Əliyeva ikilisi isə 3-cü yeri tutub.

Kişilərin komanda yarışına gəlincə, Gənclər və İdman Nazirliyinin əməkdaşları Hüseyn və Salman Quliyevlər çempionluq sevinci yaşayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Əli Dadaşov-Əliağa İbadullayev dueti 2-ci, SOCAR təmsilçiləri Ehtibar Əsədov-Elşad Kərimov cütlüyü 3-ci olub.

Qalib və mükafatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.







Offside