- Offside
- 14:29 28.11.2024
Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.
90deqiqe.Az xəbər verir ki, görüş zamanı Sahil Babayev boksçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarına beş çəki dərəcəsində lisenziya qazanmasını yüksək qiymətləndirib. O, əsas hədəfin boksçularımızın Parisdə qızıl medal qazanması olduğunu vurğulayıb.
Babayev həmçinin, boks üzrə milli komandamızın Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu qeyd edib.
Boks üzrə millinin baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib və boksçularımızın məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarında 5 boksçumuz – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqo (92 kq), Məhəmməd Abdullayev (+92 kq) mübarizə aparacaq.