28 noyabr 2024. Cümə axşamı

AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi Türkiyədə işgüzar səfərdə olub.


  • Offside
  • 17:18 04.07.2024
  • Oxunma sayı: 82
AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi Türkiyədə işgüzar səfərdə olub.

Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü Sezai Bağbaşı ilə görüşüb. Görüşdə “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan və türkiyəli idmançı və idmançı köməkçi heyətlərinin antidopinq sahəsi üzrə hazırlıq səviyyəsi və Olimpiadada idmançılardan gözlənilən nailiyyətlər müzakirə olunub.

Sonra Azərbaycan nümayəndə heyəti Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərən Dopinq Nəzarəti Mərkəzini ziyarət edib. Qonaqlar üçün laboratoriyanın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub. AMADA-nın icraçı direktoru və Mərkəzin texniki menecer və koordinatoru Sinan Önol arasında görüş keçirilib və tərəfləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Hacettepe Universitetinin İdman elmləri fakültəsinin Bədən tərbiyəsi və idman fiziologiyası bölməsinin Heyvanlar üzərində tədqiqatlar laboratoriyasında olub. Görüş zamanı heyvanlar üzərində aparılan tədqiqatlar, habelə istifadə olunan güc artıran maddələrin canlıların orqanizminə və davranışlarına təsiri barədə qonaqlara ətraflı məlumat verilib və gələcəkdə birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Laboratoriyanın rəhbəri professor Haydar Demirel AMADA ilə birgə layihələrin təşkilində maraqlı olduqlarını və qarşılıqlı fəaliyyətin imkanlarını yüksək qiymətləndirib.
Türkiyə Dopinqlə Mübarizə Komissiyasında təşkil olunan görüşdə qlobal miqyasda antidopinq səyləri müzakirə olunub. Komissiyanın rəhbəri professor Rüştü Günerin iştirak etdiyi görüşdə elmi-tədqiqat və təhsil yönümlü layihələrin birgə təşkili, “Paris-2024” Yay Olimpiya Oyunları öncəsi hər iki qurumun hazırlıq səviyyəsi, birgə maarifləndirici konfrans, vebinar, “workshop”ların keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması müzakirə mövzuları sırasında yer alıb.

AMADA-nın nümayəndə heyətinin tərkibində qurumun icraçı direktorunun müavini Rüfət Efendiyev və Təhsil proqramları üzrə menecer Qüdrət Səfərov da yer alıblar.







Offside