23 noyabr 2024. Şənbə

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib


  • Offside
  • 11:22 06.07.2024
  • Oxunma sayı: 99
Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib

Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib.

Naxçıvan Muxtar Respublikası (NMR) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, Gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

“Hazırda muxtar respublikada 17 stadion, 28 minifutbol meydançası var, mindən çox uşaq və gənc aktiv şəkildə futbolla məşğuldur. Futbol ilə yanaşı minifutbol, futzal və çimərlik futbolunun inkişafı üçün əlverişli şərait mövcuddur. Hazırki və gələcək infrastruktur imkanları, məşqçi-idmançı bazası, region əhalisinin bu sahəyə olan güclü marağı və kütləvilik amili bu sahənin inkişafı üçün əsaslı zəmin yaradır. Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığımız əsasında nəzərdə tutulan infrastruktur layihələri də futbolun inkişafına öz töhfəsini verəcəkdir”. Bu sözləri gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iclasda çıxış zamanı səsləndirib.

İclasın gündəliyində duran əsas məsələ ilə bağlı fikirlərini bölüşən nazir müavini federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb.

Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Axundov Zaur Asif oğlunun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.

Yeni seçilmiş federasiya rəhbəri etimada görə minnətdarlığını bildirib, gələcək planlar və perspektivlər barədə fikirlərini bölüşüb. Naxçıvan futbolunun tarixi, ənənələri və hazırki potensialı haqqında məlumatlı olduğunu deyib, eyni zamanda mövcud çatışmazlıqların həlli istiqamətlərindən bəhs edib. Zaur Axundov federasiyanın birinci növbədə muxtar respublikada uşaq futbolunun inkişafı ilə bağlı işlər aparacağını diqqətə çatdırıb. Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına son qoymaq, eyni zamanda yerli futbolçuların inkişafına nail olmaq üçün yaxın zamanlarda muxtar respublika stadionunun təmir olunaraq beynəlxalq tələblər səviyyəsinə gətirilməsi ilə işlər aparıldığını deyən federasiya prezidenti, bununla paralel bölgələrdə yeni futbol qruplarının yaradılması, yarışların keçirilməsi, məşqçilərin təhsili və digər planlar barədə danışıb, Naxçıvanda futbolun dirçəlişi üçün maksimum çalışacaqlarını diqqətə çatdırıb.

Çıxışlardan sonra iclasın gündəliyindəki məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Sonda Məcid Seyidov federasiya prezidentini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

 







Offside