- Offside
- 12:47 23.11.2024
Azərbaycan Cüdo Federasiyası (ACF) 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.
90deqiqe.Az xəbər verir ki, tədbirdə çıxış edən ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu Azərbaycanda cüdo ilə məşğul olanların sayının günü-gündən artdığını qeyd edib. Mötəbər yarışlarda yüksək nəticələr əldə edən cüdoçuların uğurlarından danışan R.Rəsullu milli komandaların performansının artırılması üçün görülən işlərə diqqət çəkib. Onun sözlərinə görə, 2022-ci ildən Bakı və rayonların 86 idman zalına 6214 tatami paylanılıb, 1000-dən çox gənc və yeniyetmə cüdoçu həmin tatamilərdən ödənişsiz istifadə edib.
Federasiyanın icraçı vitse-prezidenti idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi baxımından kəmər imtahanlarının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, məşqçilərin, hakimlərin və idmançıların təhsili və inkişafı ACF-nin əsas fəaliyyət istiqamətlərindən biridir.
Daha sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilib. Bildirilib ki, hazırlıq məqsədilə idmançılar üçün 11 beynəlxalq, 6 yerli təlim-məşq toplanışı baş tutub. R.Rəsullu Fransanın paytaxtına lisenziya qazanan Azərbaycanın 9 cüdoçunun hər birindən medal gözləntisi olduğunu diqqətə çatdırıb.
Sonra media nümayəndələri Azərbaycan Cüdo Federasiyasının həyata keçirdiyi sosial layihələr - “Doğru yol budur!”, Adaptiv cüdo, “Qızlara ağ yaraşır”, “Söz verirəm” haqqında məlumatlandırılıb.
Tədbirdə, həmçinin Azərbaycan Cüdo Federasiyasının 2024-2028-ci illər üçün strategiyaları - kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, lit idmanda nailiyyətlərin yaxşılaşdırılmasından danışılıb.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Olimpiya iştirakçıları haqqında videoçarx nümayiş olunduqdan sonra tədbir bədii hissə ilə davam edib.