- Offside
- 23:58 22.11.2024
İyulun 19-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, “A*” kateqoriyası üzrə 90 sm və “L” kateqoriyası üzrə isə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.
20 idmançının iştirak etdiyi “A*” kateqoriyasında baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Kamilla Həsənbəyova “Pür-pür” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, “Elit” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva isə “Naxçıvanski” ləqəbli atla üçüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Nicat Rəhimov “Nazlı” ləqəbli atla dördüncü, qeyd olunan məktəbin digər təmsilçisi Rüqayə Məhərrəmova isə “Püstə” ləqəbli atla beşinci yerin sahibi olub.
“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçiləri Anar Hümbətov “Damla” ləqəbli atla birinci, Seyid Musayev “Ayla” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Chantal” ləqəbli atla üçüncü yerin sahibi olub.
Yarışın növbəti mərhələsi iyulun 20-də “Sərhədçi” atçılıq klubunda keçiriləcək.