23 noyabr 2024. Şənbə

Naxçıvanda “Muxtariyyət kuboku”na start verilib


  • Offside
  • 18:09 04.09.2024
  • Oxunma sayı: 66
Naxçıvanda “Muxtariyyət kuboku”na start verilib

Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan və Türkiyənin yeniyetmə qızlardan ibarət voleybol klublarının iştirakı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda birinciliyə start verilib.

Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a bildirilib ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası (NVF) tərəfindən birgə təşkil olunan yarışın rəsmi açılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə NVF prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov qonaqları salamlayaraq turnirin məqsəd və əhəmiyyəti barədə danışıb, təəssüratlarını bölüşüblər. Naxçıvanın 100 illik muxtariyyəti ilə bağlı tarixi faktlar sadalanıb, Türkiyənin muxtariyyətin qorunub saxlanılmasındakı rolu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda buradan başlayan qurtuluş mübarizəsi və xalqın güvəni ilə Azərbaycana bəxş etdiyi mühüm siyasi nailiyyətlər, eyni zamanda, Prezident İlham Əliyevin layiqli davamçılıq missiyasından danışılıb.

Rəsmilər köklü ənənələrə, müasir inkişafa və böyük uğurlara malik idman ölkəsi kimi Azərbaycanın dünya müstəvisində önəmli mövqeyə, etimada sahib olduğunu bildirib, dövlət idman siyasətinin uğurlu icrası sayəsində əldə olunan uğurlardan söz açıblar. Əlavə olunub ki, dövlətimizin dəstəyi ilə muxtar respublika idmanı yüksək dinamika ilə inkişaf etməkdədir, ulu diyarda idman infrastrukturu genişləndirilir, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı işlər icra olunur. Bunun nəticəsi olaraq idmançılarımız tərəfindən ölkə və dünya səviyyəli yarışlarda tarixi nəticələr əldə olunur.

Məcid Seyidov bildirib ki, NVF-dəki struktur dəyişikliyindən ötən bir il ərzində Naxçıvan voleybolunda faydalı strategiyaya əsaslanan önəmli işlər görülüb, mühüm yeniliklər yaşanılıb. Federasiyanın nazirliklə, AVF ilə qurduğu uğurlu əməkdaşlıq əlaqələri, eləcə də birbaşa fəaliyyəti nəticəsində ictimaiyyət bu sahədə dayanıqlı inkişaf müşahidə edir. Nazir müavini qızların idmana cəlbi və bu kontekstdə yığma komandanın formalaşdırılması, yarışlarda, təlim-məşq toplanışlarında iştirak, ölkə millisinə çıxışın əldə olunmasını Naxçıvanda qadın idmanının inkişafına töhfə kimi qiymətləndirib.

Çıxışında xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirməklə ölkələrarası qardaşlıq münasibətlərindən duyulan dərin məhəbbəti ifadə edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin “Muxtariyyət kuboku”na Türkiyə klublarının dəvət olunmasına görə təşəkkürünü bildirib. Qonaq bunu ortaq tarixi, mədəniyyəti, dəyərləri olan iki qardaş ölkənin son vaxtlar daha da güclənən idman əlaqələrinin inkişafı baxımından yüksək dəyərləndirib.

Çıxış edənlər komandaları əlamətdar hadisə münasibətilə təbrik edib, baxımlı idman mübarizəsi və uğurlar arzulayıblar.

Sonra komandaların təntənəli keçidi reallaşıb.

“Naxçıvan” komandasının kapitanı Zeynəb Babayeva tərəfindən digər klub kapitanlarına rəmzi hədiyyələr təqdim edilib.

Mərasimdən sonra “Naxçıvan” və “Sumqayıt” açılış oyunu üçün meydanda olublar. Görüş ev sahibi komandanın 2:0 hesablı (25:16, 25:10) hesablı üstünlüyü ilə tamamlanıb.

Qeyd edək ki, ilk oyunun iştirakçıları “Əskişəhər” və “Tovuz”la birgə “A” qrupunda mübarizə aparır. “B” qrupunda isə U-16 Azərbaycan millisi, “Gəncə”, “Şərqi Zəngəzur” və “İğdır” komandaları qərarlaşıb. Turnirin son günü – 7 sentyabrda final və üçüncülük oyunları keçiriləcək.







Offside