5 oktyabr 2024. Şənbə

Naxçıvanda veloyürüş keçirilib


  • Offside
  • 13:39 07.09.2024
  • Oxunma sayı: 65
Naxçıvanda veloyürüş keçirilib

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublikanın Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan kütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dən çox insan öz velosipedi ilə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az- bildirilib ki, "Saat meydanı" İstirahət Mərkəzində veloyürüşün açılış mərasimi təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı həlli istiqamətində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlərin həyata keçirildiyini xatırladıb, ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə dünya müstəvisində aparıcı mövqeyə malik olduğunu deyib. Qeyd edilib ki, noyabrda Azərbaycanın COP29 kimi mötəbər konfransa ev sahibliyi etməsi, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ümumilikdə bu sahədə atılan adımlar dövlətimizin ekoloji mühafizə məsələsinə həm də beynəlmiləl müstəvidən baxdığını göstərir. Ölkəmizdə yaşıl enerji zonası elan olunan Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran Məcid Seyidov əlavə edib ki, bugünkü veloyürüşün məqsədi yalnız insanların sağlam həyat tərzinə və ya ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadəyə təşviqinə deyil, eyni zamanda, cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmək, bununla mübarizədə birlik, həmrəylik nümayiş etdirməkdir.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə danışıb, veloyürüşlə bağlı fikirlərini bölüşüb. Şəhər sakinlərinin ekoloji biliklərinin, əhalinin mühafizə prosesindəki rolunun artırılması, velosipeddən istifadənin gündəlik həyat tərzinə çevrilməsi üçün maarifləndirici tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövrün aktual ekoloji problemləri ilə mübarizədə ekonəqliyyata keçid və bu prosesdə velosipeddən istifadənin önəmi ifadə olunub.

Sonra iştirakçılar start xəttinə dəvət olunub və yürüşə start verilib. İştirakçılar təyin olunmuş bir dövrəlik marşrut üzrə 8000 metr məsafə qət ediblər. Nəticələrə gəlincə, kişilər arasında Asiman Cabbarov, qadınlarda isə Zöhrə Sadiqova finişə birinci çatıblar. Cavid Qasımlı və Fatimə Məmmədli ikinci, Elvin Mikayılzadə ilə Aydan Qasımlı isə üçüncü olublar.

İlk üç yerin sahiblərinə nazirliyin diplom və medalları, eləcə də sponsorların hədiyyələri təqdim olunub.







Offside