- Offside
- 22:15 12.11.2024
Sentyabrın 14-də Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal üzrə muxtar respublika turnirinin açılış tədbiri keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən tədbirdə şəhidlərimizin, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin məsul şəxsi Həsən Kərimov və Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasov turnirlə bağlı təəssüratlarını bölüşüb, komandalara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu cür idman yarışları əhalinin sağlam həyat tərzinə təşviqi, dövlət qurumlarında çalışan əməkdaşlar arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Rəsmi hissədən sonra turnirin açılış oyunu reallaşıb. İlk görüşdə "Ədliyyə Nazirliyi" "Ali Məhkəmə" üzərində 7:2 hesablı qələbəyə nail olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası ilə birgə təşkil etdiyi turnirdə 17 komanda 4 qrupda mübarizə aparır. Hər qrupda ən yüksək xal toplayan iki komanda pley-of mərhələsində mübarizəni davam etdirərək finala doğru irəliləmək şansı əldə edəcək.
Oyunların yarış təqviminə uyğun olaraq şənbə və bazar günləri keçirilməsi nəzərdə tutulub.