- Offside
- 14:15 21.11.2024
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılar və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 90deqiqe.Az-a verilən məlumata görə, o, Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edərək onlara növbəti yarışlarda da qələbələr arzulayıb. Nazir qeyd edib ki, paralimpiya komandamızın 169 ölkə arasında 28-ci yerdə qərarlaşması yüksək nailiyyətdir.
Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımızın qələbələrinin artdığı vurğulanıb.
Dövlət başçısı tərəfindən paralimpiyaçıların sosial rifahının daim diqqətdə saxlanıldığı, bu ildən paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdünün təsis edildiyi, həmçinin medal qazanan idmançıların və onların məşqçilərinin mükafatlandırıldığı, habelə onların dövlət təltifləri ilə təltif edildiyi diqqətə çatdırılıb.
Yeniyetmə paralimpiyaçıların da iştirak etdiyi görüşdə ölkəmizdə hər il keçirilən Uşaq Paralimpiya İdman Oyunlarının paralimpiya hərəkatının inkişafında müstəsna rol oynadığı qeyd edilib.
Bu sahənin inkişafında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsi tərəfindən görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.
Paris-2024 Yay Paralimpiya oyunlarının medalçıları İlham Zəkiyev və Lamiyə Vəliyeva, Parataekvondo üzrə milli komandamızın baş məşqçisi Fərid Tağızadə çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, ölkəmizi yeni qələbələrlə sevindirəcəklərinə əminliklərini ifadə ediblər.