- Offside
- 13:25 24.11.2024
15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2024”) yekunlaşıb.
Qarabağ Dirçəliş Fondu (QDF) artıq dördüncü dəfə qatıldığı sərgidə uğurla iştirak edib.
QDF-in stendini ziyarət edən şəxslərə Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verilib.
Keçən il ziyarətçilərin Qarabağın möhtəşəm abidələrinin rəsmlərindən ibarət olan “Qarabağın inciləri” pazl oyununa böyük maraq göstərmələrini nəzərə alaraq bu il də sözügedən oyun Fondun stendində yer alıb.
Müxtəlif yaş kateqoriyasından olan yüzlərlə ziyarətçinin iştirak etdiyi oyunun yekununda ən çox xal yığan 30 nəfər üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” t-shirt kolleksiyasından hədiyyə əldə edib.
Sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinin foyesində isə ziyarətçilər ermənilərin işğaldan azad edilən ərazilərdə törətdikləri misli görülməmiş dağıntıları əks etdirən “Qarabağda urbisid” sərgisi ilə tanış olmaq imkanı əldə ediblər.
Məlumat üçün bildirək ki, ölkəmizdə keçirilən beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri sərgidən əldə olunan gəlirin bir qismini – 38.600 manatı işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.
Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.