26 oktyabr 2024. Şənbə

Azərbaycan İdman Akademiyasının rektoru elmi-texnoloji konfransda iştirak edib


  • Offside
  • 15:30 26.10.2024
  • Oxunma sayı: 25
Azərbaycan İdman Akademiyasının rektoru elmi-texnoloji konfransda iştirak edib

Rusiya Federasiyasında Elm və Texnologiyalar Onilliyi çərçivəsində və Tatarıstan Respublikasında Elmi-Texnoloji İnkişaf İlinə həsr olunmuş konfrans keçirilib. Konfransın işində Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, gimnastika, rəqs idmanı və fitnes sahələrində idman və sağlamlıq təliminin mövcud vəziyyəti, problemləri və təkmilləşdirilməsi yolları mövzusunda olan konfransda rektor Fuad Hacıyev və Povolji Dövlət Fiziki Tərbiyə, İdman və Turizm Universitetinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi baş tutub. Konfrans çərçivəsində hər iki ali təhsil ocağı arasında elmi-praktik əlaqələrin gücləndirilməsi və idman təliminin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb.

Fuad Hacıyev iki ali təhsil müəssisəsi arasında bu ilin aprelində imzalanan memorandum və məşqçilik ixtisası üzrə bakalavr səviyyəsində birgə təhsil proqramının idman təhsili sahəsində yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan gənclərinin peşəkar idman təhsili sahəsində beynəlxalq təcrübə qazanmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verəcək.

Povolji Dövlət Universitetinin rektoru Rafis Tımərxanoviç isə qeyd edib ki, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq hər iki ölkədə idmanın inkişafına və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

Konfrans çərçivəsində Azərbaycan İdman Akademiyası və Povolji Dövlət Universiteti arasında birgə layihələrin davam etdirilməsi və idman sahəsində elmi-praktik əlaqələrin daha da genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanıb.







Offside