31 oktyabr 2024. Cümə axşamı

QDF üç minaaxtaran itin ANAMA-ya ianə edilməsi və ictimaiyyətin mina təhlükəsi barədə maarifləndirilməsi məqsədilə tədbir keçirib


  • Offside
  • 10:36 31.10.2024
  • Oxunma sayı: 25
QDF üç minaaxtaran itin ANAMA-ya ianə edilməsi və ictimaiyyətin mina təhlükəsi barədə maarifləndirilməsi məqsədilə tədbir keçirib

Oktyabrın 30-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə Fondun donor və tərəfdaşlarının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə işgüzar görüşü keçirilib.

Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə geniş məlumat verib, eyni zamanda QDF-in təşəbbüsü və vasitəçiliyi ilə “Azərlotereya” ASC tərəfindən alınan üç minaaxtaran itin ANAMA-ya təqdim olunması baş tutub.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin təşkili, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Lakin erməni işğalçıları tərəfindən həmin ərazilərdə yerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasına, eyni zamanda 30 il müddətində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir.

Qeyd olunan problemin aktuallığı və miqyasının olduqca böyük olması mina probleminin həlli üçün daha çox resursların səfərbər edilməsini, eləcə də cəmiyyətin bütün üzvlərinin bu işdə həmrəylik nümayiş etdirmələrini zəruri edir”.

Bu günə qədər Fondun fəaliyyətinə dəstək verən donor və tərəfdaşlara təşəkkür edən Rəhman Hacıyev, birgə atacağımız addımlar sayəsində tezliklə Qarabağı dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyimizə əminliyini ifadə edib.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə töhfə verdikləri üçün çox şad olduqlarını deyib. Onun sözlərinə görə, ANAMA-ya hədiyyə edilən minaaxtaran itlər işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə yanaşı, bərpa-quruculuq işlərinin sürətləndirilməsinə də öz töhfəsini verəcək.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin insanların sağlamlığına, yaşam mühitinə və ətraf mühitin çirklənməsinə təhlükə yaratması, eləcə də bu problemin aradan qaldırılması istiqamətində aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verib.

Həmçinin, mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə “Azərlotereya” ASC tərəfindən alınmış Romi, Şimşək və Skubi adlı üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.

Tədbirdə son 12 ay ərzində 500.000 AZN vəsaiti işğaldan azad edilmiş ərazilərin dirçəlişinə ianə etdiyinə görə “Azərlotereya” ASC-yə xüsusi “Təşəkkür sertifikatı”, Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgilərindən əldə edilən gəlirin 109.243 manatını Fonda ianə etdiyinə görə “Caspian Event Organisers” və bir ədəd “Toyota RAV4” və iki ədəd “Mitsubishi L200” markalı avtomobili işğaldan azad edilən ərazilərdə istifadə olunması üçün QDF-in vasitəsi ilə müvafiq qurumlara ianə etdiyinə görə “R Group Holding” şirkətlərinə isə “Təşəkkür sertifikatı” təqdim olunub.

Qeyd edək ki, tədbir zamanı QDF tərəfindən icra olunmuş layihələr və təşkil olunmuş tədbirlər, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçən il yerli sahibkarlar tərəfindən alınaraq QDF vasitəsilə ANAMA-ya hədiyyə edilən “Revival P” minatəmizləmə maşını və ANAMA-nın fəaliyyətinə həsr olunan videoçarxlar da tədbir iştirakçılarına nümayiş etdirilib.







Offside