- Offside
- 14:15 21.11.2024
Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura imza atıb.
Azərbaycan Boks Federasiyasından (ABF) 90deqiqe.Az-a verilən məlumata görə, yığma bunu Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında reallaşdırıb.
Millinin 5 boksçusu mundialın yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (63,5 kiloqram) və Aynur Mikayılova (57 kiloqram) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığma yarışın 5 mükafatını təmin edib.
Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Azərbaycan millisi indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.
Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımız 4 bürünc medal qazanıb.
Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.