- Offside
- 20:07 03.12.2024
Azərbaycan Güləş Federasiyası (AGF) 8 noyabr – Zəfər Günü ərəfəsində Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalını inventarla təmin edib.
90deqiqe.Az xəbər verir ki, AGF rəsmiləri 1918-ci ildə əsası qoyulmuş Hərbi İnstitutda bu gün görüş keçirib.
Tədbirdə Hərbi İnstitutun rektoru, polkovnik Ümidvar Quliyev, ali məktəbin Fiziki Hazırlıq və İdman Kafedrasının rəisi, polkovnik İrşad Seyidov, AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və digər şəxslər iştirak ediblər.
Qeyd edilib ki, hazırda Hərbi İnstitutda 17 idman növü üzrə məşqlər keçirilir. Onların arasında güləş prioritet təşkil edir. Vurğulanıb ki, AGF-nin inventar dəstəyi bu ali məktəbin kursantları arasında güləşin daha da populyarlaşmasına və sevilməsinə təkan verir, eləcə də onların daha yüksək hazırlığa sahib olmasında müstəsna rol oynayır.
Qonaqlar daha sonra nümunəvi məşqi izləyib və güləş mütəxəssisləri kursantlara öz tövsiyələrini veriblər.