- Offside
- 22:16 03.12.2024
Azərbaycan Güləş Federasiyası (AGF) Lənkəranda seminar keçirib.
AGF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Olimpiya İdman Kompleksində təşkil edilən tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabaddan olan məşqçilər iştirak edib.
Seminarın nəzəri hissəsində əvvəlcə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Yusif Xamiyev tədbirin təşkilinə görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib.
AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev son zamanlar federasiyanın bölgələrdə fəaliyyət göstərən güləş zallarına verdiyi dəstəyə diqqəti yönəldib. Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Əsgərxan Novruzov yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparıb, onların problemlərini dinləyib və öz tövsiyələrini çatdırıb. Yunan-Roma güləşi üzrə U-20 millinin məşqçisi Zöhrab Abbasov idmançıların məşqlərə davamiyyətinin və tez-tez güləş məktəblərinin bir-biriylə dostluq görüşləri keçirməsinin vacib olduğunu deyib.
I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə yarışlarda yaranmübahisəli epizodları şərh edib. Seminarın praktiki hissəsi isə Z.Abbasovun keçdiyi nümunəvi məşqdən ibarət olub.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Sabirabad şəhərində keçiriləcək.