- Offside
- 19:35 25.12.2024
Azərbaycanda güləş məşqçilərinin Ümumrespublika seminarına yekun vurulub.
AGF-dan 90deqiqe.Az-a verilən məlumata görə, seminarın sonuncu mərhələsi Bakıda keçirilib.
Sabunçu Gənclər Evində təşkil edilən tədbirdə paytaxtda fəaliyyət göstərən güləş məşqçiləri iştirak ediblər.
Seminarın nəzəri hissəsinin açılışını edən Bakı Gənclər və İdman İdarəsinin sektor müdiri Samir Salehov Azərbaycan Güləş Federasiyası (AGF) və Gənclər və İdman Nazirliyinin (GİN) ortaq təşkilatçılığı ilə bu seminarın ardıcıl 2-ci il keçirildiyini və məşqçi-müəllimlərin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bəzi güləş qaydalarını xatırladıb.
Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov klub və cəmiyyətlərdə çalışan mütəxəssislərin bir qisminin idmançılara güləş fəndlərini düzgün çatdırmadığını və bu məsələdə maksimum diqqətli və məlumatlı olmağın vacibliyini qeyd edib. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov isə aktual problemlərdən biri olan yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının fəsadlarına toxunub.
Seminarın praktiki hissəsi AGF-nin təlim-məşq bazasında baş tutub. Milli komandaların məşqçiləri sərbəst və yunan-Roma güləşi üzrə keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına yer ayırıb.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.