21 yanvar 2025. Çərşənbə axşamı

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri “Gəncə” Voleybol Klubunun rəhbərliyi ilə görüşüb


  • Offside
  • 17:28 14.12.2024
  • Oxunma sayı: 74
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri “Gəncə” Voleybol Klubunun rəhbərliyi ilə görüşüb

14 dekabr tarixində “AzerGold” QSC-nin və baş sponsoru olduğu “Gəncə” Voleybol Klubunun rəhbərliyi arasında görüş keçirilib.

Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov əvvəlcə “Gəncə" VK-nın Azərbaycan Yüksək Liqasının 3-cü turunda əldə etdiyi vacib qələbə münasibətilə təbrik edərək, komandaya növbəti oyunlarda da uğurlar arzu edib. İdarə Heyətinin sədri ölkəmizdə müxtəlif idman növlərinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlərə əlavə töhfə vermək məqsədilə “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda idmanın, o cümlədən voleybolun təşviqi, infrastrukturun qurulması istiqamətində gördüyü işlərdən danışıb.

Daha sonra “Gəncə” VK-nın Müşahidə Şurasının sədri, millət vəkili Müşfiq Cəfərov əyalət klubunun inkişafına göstərdiyi xüsusi dəstəyə görə Səhmdar Cəmiyyətinə təşəkkür edərək, komandanın fəaliyyəti və klubunun gələcək planları barədə ətraflı məlumat verib.

“Gəncə” VK-nın prezidenti Elvar Osmanov Azərbaycan Yüksək Liqası və Kubokunda yüksək nəticələr əldə edərək, ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Komandanın baş məşqçisi Sergey Çasnavitski isə heyətin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs edib.

Zakir İbrahimov hədəflərə çatmaqda klub rəhbərliyi, məşqçilər heyəti və voleybolçulara müvəffəqiyyətlər, Gəncə-Daşkəsən regionunu Yüksək Liqada təmsil edən “Gəncə” klubuna parlaq qələbələr arzu edib.

Görüşün sonunda klubun adından “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinə xatirə hədiyyələri təqdim edilib.







Offside