24 dekabr 2024. Çərşənbə axşamı

Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılmasından 8 il ötür


  • Offside
  • 18:23 23.12.2024
  • Oxunma sayı: 53
Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılmasından 8 il ötür

Dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 8 ili tamam olur.

 90deqiqe.Az xəbər verir ki, 2016-cı ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla təsis edilən AMADA ölkəmizin idman sahəsində ədalət, dürüstlük prinsiplərinə sadiqliyinin və təmiz idman dəyərlərinin qorunmasına yönəlmiş mühüm addım idi. Bu qərar, həmçinin dopinqlə mübarizədə dövlətimizin qətiyyətli iradəsinin və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək niyyətinin aydın göstəricisidir.

AMADA-nın fəaliyyətə başlaması ilə ölkəmizdə dopinqə qarşı mübarizə yeni mərhələyə qədəm qoyub. Beynəlxalq Antidopinq Hərəkatı ilə tam uyğunluq təşkil edən AMADA bu illər ərzində qlobal antidopinq standartlarının və qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi üzrə mühüm addımlar atıb. Agentlik idmançıların sağlamlığının qorunmasına, təmiz idman prinsiplərinin təbliğinə və ölkəmizin beynəlxalq idman imicinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu yanaşma AMADA-nın beynəlxalq antidopinq cəmiyyətində etibarlı və hörmətli tərəfdaş kimi tanınmasına imkan yaradıb.

Son 8 ildə AMADA-nın apardığı effektiv antidopinq siyasəti öz nəticələrini verməkdədir. İdmançılar artıq dopinqdən istifadə etməyin sağlamlığa və karyeraya olan ciddi təsirləri barədə daha dərindən məlumatlıdırlar. Bu sahədə həyata keçirilən maarifləndirmə və təbliğat işləri, idmançılara və məşqçilərə dopinqin qarşısının alınmasında birbaşa dəstək olan təhsil proqramları əvəzedilməz rol oynayıb. AMADA peşəkar və həvəskar idmançılardan tutmuş məşqçilər, idmançıya dəstək heyəti, həkimlər və universitet tələbələrinə qədər geniş auditoriyanı əhatə edən təhsil tədbirləri həyata keçirir.

Agentlik, həmçinin dopinqin qarşısının alınmasında beynəlxalq əməkdaşlığı da gücləndirərək, Azərbaycanın təmiz idman ideallarını daha geniş platformada təmsil edir. AMADA-nın fəaliyyətinin təməlində həm də Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələb və standartlarına yüksək səviyyədə uyğunluq və bu standartlara sadiq qalma prinsipi dayanır. AMADA növbəti il üçün hazırladığı strateji planda ölkəmizdə antidopinq siyasətinin təkmilləşdirilməsi istiqamətində yeni hədəflər müəyyən edərək, təmiz idman dəyərlərinə və əxlaqına sadiqliyini bir daha vurğulayır.

Bu müddət ərzində AMADA-nın əldə etdiyi nailiyyətlər, yalnız Azərbaycanın idman həyatında deyil, ümumilikdə beynəlxalq antidopinq mühitində də təmiz və dürüst idmanın inkişafına verdiyi töhfələrin bariz nümunəsidir. Agentlik qarşıda duran dövr üçün də idmançıların hüquqlarının qorunması, dopinqin qarşısının alınması və təmiz idman ideallarının yayılması istiqamətində öz fəaliyyətini gücləndirməyə davam edəcək.

AMADA bundan sonra da ölkəmizdə dopinqin qarşısının alınması istiqamətindəki mübarizəsini davam etdirəcək, beynəlxalq antidopinq tələblərinə uyğunluğunu yüksək səviyyədə qorumaqla, təmiz idman anlayışını daha da möhkəmləndirəcək.







Offside