- Offside
- 12:10 31.12.2024
Bakı Su İdman Sarayında üzgüçülük idman növü üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 3-cü final mərhələsi start götürüb.
Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) 90deqiqe.Az-a verilən məlumata görə, əvvəlcə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, həmçinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
AÜF, Bakı şəhəri Gənclər və İdman İdarəsinin, eləcə də Bakı Su İdman Sarayının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin 30-a yaxın idman klubundan 200-ə yaxın üzgüçü mübarizə aparıb. Hakimlərin keçidindən sonra idmançıların paradı olub. Qurumun vitse-prezidenti Tamerlan Abdullazadə bu kimi yarışların ölkəmizdə qabiliyyətli və bacarıqlı idmançıların aşkar edilməsində, onların gələcəkdə milli komandanın tərkibində Azərbaycanı beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəyinə imkan yaradacağını bildirib.
Qeyd edək ki, turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü il təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayıblar. Yarışlara digər yaş qrupundan da idmançılar qatılıblar. Bakı Su İdman Sarayında bir gün davam edən “Parlaq Ulduz” Uşaq liqasının final mərhələsinin qalibləri diplom və medallarla təltif olunacaqlar. Məlumat üçün bildirək ki, bundan öncə “Parlaq Ulduz”un iki seçmə mərhələsi artıq keçirilib. Həmçinin ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığma komandasının tərkibinə daxil ediləcəklər.